ABŞ Prezidenti Donald Tramp Hörmüz Boğazı ətrafında həyata keçirilən “Azadlıq layihəsi” əməliyyatının müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Referans Media xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edib. Qərarın Pakistan və bəzi digər ölkələrin müraciəti, eləcə də İranla aparılan danışıqlarda əldə olunan irəliləyiş səbəbindən verildiyini bildirib.
ABŞ lideri qeyd edib ki, İran nümayəndələri ilə aparılan görüşlərdə “tam və yekun razılaşma” istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, əməliyyat tam dayandırılmasa da, proses müvəqqəti olaraq dondurulub.
İran mediası isə Trampın açıqlamasını fərqli qiymətləndirib. “Tesnim” xəbər agentliyi “Azadlıq layihəsi”nin dayandırılmasını ABŞ üçün “geri addım və uğursuzluq” kimi təqdim edib.
ABŞ administrasiyası tərəfindən daha əvvəl başladılan “Azadlıq layihəsi” Hörmüz Boğazında sıxışıb qalan və bölgə gərginliyindən təsirlənməyən ölkələrə məxsus ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etməyi hədəfləyirdi.
ABŞ rəsmilərinin açıqlamalarına görə, əməliyyat çərçivəsində minlərlə mülki dənizçinin təxliyəsi və bölgədə təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulurdu.
Hazırda Hörmüz Boğazı ilə bağlı vəziyyət və ABŞ-İran xəttindəki diplomatik proseslər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
