Yəməndə fəaliyyət göstərən Husilər İsrailə qarşı yeni addım atdıqlarını açıqlayıb.
Referans Media xəbər verir ki, İran tərəfindən dəstəklənən Husilər İsrailə raket hücumu həyata keçirdiklərini və eyni zamanda Qırmızı dənizdə İsrailə məxsus gəmilər üçün tam hərəkət qadağası elan etdiklərini bildiriblər.
Açıqlamada qeyd olunub ki, İsrailə qarşı aprel ayından bu yana ilk dəfə raket hücumu həyata keçirilib. Husi silahlı qanadı tərəfindən yayılan bəyanatda Qırmızı dənizdə İsrailin dəniz nəqliyyatına “tam və ümumi qadağa” tətbiq olunduğu vurğulanıb.
Qərarın bölgədə dəniz ticarətinə ciddi təsir göstərə biləcəyi bildirilir. Beynəlxalq yükdaşıma şirkətlərinin vəziyyəti yaxından izlədiyi qeyd olunur.
Bu addım İsrail və İran arasında yenidən alovlanan gərginlik fonunda atılıb. Tərəflər arasında qarşılıqlı hücumların artması regionda təhlükəsizlik risklərini daha da yüksəldib.
Ekspertlər hesab edirlər ki, Qırmızı dənizdə yaranan bu yeni gərginlik qlobal ticarət yollarına və enerji daşımalarına əlavə risklər yarada bilər.
