İngiltərədə aspirin böhranı: Qıtlıq dərinləşir, ixrac qadağan edildi

İngiltərədə aspirinlə bağlı ciddi dərman böhranı yaşanır. Hökumət ölkə daxilində dərman təminatında yaranan problemlərin qarşısını almaq üçün aspirini ixracı qadağan olunan dərmanlar siyahısına daxil edib. Xüsusilə infarkt və insult riskinin azaldılmasında həyati əhəmiyyət daşıyan 75 mq-lıq aşağı dozalı aspirin preparatlarının tapılmasında ciddi çətinliklər müşahidə olunur.

Referans Media xəbər verir ki, Peşə birliklərinin məlumatına görə, təxminən 11 min apteki təmsil edən qurumlar dərmanın tədarükündə böyük problemlər yaşandığını bildirir. Son sorğular göstərir ki, apteklərin 86 faizi son bir həftə ərzində xəstələrini aspirinlə təmin edə bilməyib. Qıtlığın əsas səbəbi kimi istehsalda yaranan gecikmələr və tədarük zəncirindəki problemlər göstərilir.

Böhran fonunda aspirin qiymətlərində kəskin artım qeydə alınıb. Keçən ilin əvvəlində 18 pens olan bir qutu aspirinin qiyməti bu ay 3,90 funt-sterlinqə qədər yüksəlib. Lakin Milli Səhiyyə Sistemi (NHS) apteklərə hər paket üçün cəmi 2,18 funt-sterlinq geri ödəniş etdiyindən, apteklər hər satışda zərərə düşür.

Əczaçı təşkilatları mövcud vəziyyətin xəstə təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirir və hökumətdən təcili islahatlar tələb edir. Onlar dərman stokda olmadığı hallarda əczaçılara təhlükəsiz alternativ preparatları birbaşa təqdim etmək səlahiyyəti verilməsinin vacibliyini vurğulayırlar. Mütəxəssislərin fikrincə, hökumətin dərman bazarına dərhal müdaxilə etməsi böhranın daha da dərinləşməsinin qarşısını ala bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki