Ölkədə internet sürətinin artırılması və fiber infrastrukturun genişləndirilməsi rəqəmsal transformasiya prosesinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Lakin mütəxəssislər bildirirlər ki, sürət artımı təkcə tariflərdə deyil, real istifadəçi təcrübəsində də hiss olunmalıdır. Bunun üçün isə həm texniki baza, həm də təhlükəsizlik mexanizmləri paralel şəkildə gücləndirilməlidir.
Referans Media-ya açıqlama verən İT mütəxəssisi Seyran Tağıyev bildirib ki, internet sürətinin artırılması istifadəçilərə müsbət təsir göstərməlidir. Ancaq sürət artımının real olaraq istifadəçilər tərəfindən əldə olunması üçün şəbəkə avadanlıqları minimum həmin sürəti emal edə biləcək səviyyədə olmalıdır.
Onun sözlərinə görə, trafik həcmi artdıqca şəbəkə təhlükəsizliyi də gücləndirilməlidir. Çünki trafik böyüdükcə eyni anda həyata keçirilən kiberhücumların, xüsusilə DDoS hücumlarının sayı da artır.
Mütəxəssis qeyd edib ki, orta sürətin 150–200 Mbit/s olması ailə və fərdi istifadə üçün kifayət qədər yaxşı göstəricidir. Korporativ seqmentdə isə sürət istifadə olunan avadanlıqlar və kompüterlərin texniki göstəriciləri nəzərə alınaraq müəyyən edilməlidir.
S.Tağıyev internetin fiber-optik xətlər vasitəsilə ötürülməsinin genişlənməsini müsbət qiymətləndirib. O vurğulayıb ki, fiber ötürülmə məlumatın itkisiz və kəsintisiz çatdırılması deməkdir. Eyni zamanda fiber xətlər daha yaxşı qorunduğuna görə zədələnmə və qırılma ehtimalı köhnə xətlərlə müqayisədə xeyli aşağıdır.
İT mütəxəssisi əlavə edib ki, Azərbaycanın regional data mərkəzinə çevrilməsi üçün şəbəkələşmə və təhlükəsizlik infrastrukturu çox güclü olmalıdır. Hər bir qurumun data mərkəzinə çıxışı kəsintisiz təmin edilməlidir. Bu isə o deməkdir ki, data mərkəzi statusuna nail olmaq üçün daha geniş inventarizasiya və ciddi texnoloji investisiyalar tələb olunur.
Gülnaz Abdullazadə
