İranın Baş prokuroru Məhəmməd Müvahhidi, ABŞ Prezidenti Donald Trampın “Tehran rəhbərliyinin 800 nəfərin edam cəzasının icrasından imtina etdiyi” barədə səsləndirdiyi iddiaları təkzib edərək, “Belə bir rəqəm mövcud deyil” deyə bildirib.
İran 800 nəfərin edamı ilə bağlı iddiaları bir daha təkzib etdi
İran məhkəmə sisteminə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Müvahhidi İlmiye mədrəsələrinin yaratdığı Hibrid Müharibə Qərargahında keçirilən iclasda gündəmlə bağlı açıqlamalar verib.
ABŞ Prezidenti Trampın İran xalqının qətiyyətli mövqeyini gördükdən sonra ziddiyyətli bəyanatlar verdiyini söyləyən Müvahhidi, “Tehran rəhbərliyinin 800 nəfərin edam hökmünü icra etməkdən imtina etdiyi” iddiaları ilə bağlı belə deyib:
“Bu iddialar tamamilə əsassızdır. Nə belə bir rəqəm var, nə də məhkəmə orqanları tərəfindən bu istiqamətdə qəbul edilmiş hər hansı qərar mövcuddur.”
Qeyd edək ki, Donald Tramp 16 yanvar tarixində sosial media hesabında paylaşdığı açıqlamada İran rəhbərliyinin 800-dən çox edam hökmünü ləğv etdiyini iddia edərək, “Planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsinə böyük hörmətlə yanaşıram. Təşəkkür edirəm” ifadələrini işlətmişdi.
