İran ABŞ-a qarşı əks-hücuma keçdi: Körfəzdə raketlər işə düşdü

ABŞ ilə İran arasında son günlər artan gərginlik daha təhlükəli mərhələyə keçib. Vaşinqtonun İranın Keşm adasına endirdiyi zərbələrdən sonra Tehran cavab əməliyyatı həyata keçirdiyini açıqlayıb.

Referans Media xəbər verir ki, İran tərəfi Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirib.

Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu Küveytdəki ABŞ hərbi bazalarını yüksək dəqiqlikli raketlərlə vurduğunu, bəzi sığınacaqların sıradan çıxarıldığını iddia edib. Bundan əlavə, Bəhreyndə yerləşən ABŞ-ın Beşinci Donanmasının qərargahının da hədəfə alındığı açıqlanıb.

Hücumdan sonra Bəhreyndə təhlükə siqnalları verilib, sakinlərə təhlükəsiz ərazilərə çəkilmək və rəsmi məlumatları izləmək tövsiyə olunub.

ABŞ Mərkəzi Komandanlığı isə İranın hücumlarının böyük hissəsinin qarşısının alındığını bəyan edib. Açıqlamada Küveyt istiqamətində buraxılan iki raketin hədəfə çatmadığı və ya zərərsizləşdirildiyi, Bəhreynə yönələn üç raketin isə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.

Vaşinqton eyni zamanda Keşm adasındakı bəzi hərbi obyektlərə qarşı əməliyyatların “özünümüdafiə hüququ” çərçivəsində həyata keçirildiyini vurğulayıb.

Tərəflərin qarşılıqlı ittihamları və hərbi addımları fonunda Hörmüz boğazı ətrafında vəziyyət daha da gərginləşib. Ekspertlər bölgədəki son hadisələrin Yaxın Şərqdə yeni təhlükəsizlik böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki