The Economist yazır ki, ABŞ və İsrail ilə İran arasında artan gərginlik fonunda bəzi ticarət peyk görüntülərinə çıxış məhdudlaşdırılıb. Bu isə açıq mənbə kəşfiyyatı (OSINT) ilə məşğul olan tədqiqatçı və jurnalistlərin bölgədəki hadisələri izləməsini çətinləşdirir.
Məlumata görə, ABŞ şirkəti Planet Labs Yaxın Şərqə aid yüksək keyfiyyətli peyk görüntülərinin yayımlanmasını əvvəlcə 4 gün gecikdirməklə, daha sonra isə 2 həftəyə qədər uzadıb. Şirkət bu addımı görüntülərin hücumların planlaşdırılmasında istifadə olunması riskini azaltmaqla izah edib.
Ekspertlər bildirirlər ki, real peyk görüntülərinin gecikməsi süni intellektlə yaradılmış saxta görüntülərin yayılma riskini artırır və münaqişə bölgələrində baş verən hadisələrin müstəqil şəkildə təsdiqlənməsini çətinləşdirir.
Jeffrey Lewis isə qeyd edib ki, peyk görüntüləri həm döyüş zərərlərinin qiymətləndirilməsi, həm də hədəflərin müəyyənləşdirilməsi üçün istifadə olunur və uzunmüddətli münaqişələrdə məlumat gecikməsi ciddi problemlər yarada bilər.
