Ağ Evin sözçüsü Karolin Livitt İranla bağlı müharibəyə dair açıqlama verərək bildirdi ki, ABŞ Prezidenti Donald Tramp hərbi hədəflərə çatdığını açıqladıqda müharibə sona çatacaq.
Referans Media xəbər verir ki, Karolin Livitt Trampın “İrandakı müharibə böyük ölçüdə bitib” ifadəsini xatırladaraq deyib: “Prezident və ABŞ ordusunun ilkin planına görə, əməliyyatda bütün hədəflərə çatmaq 4–6 həftə ərzində nəzərdə tutulmuşdu. Lakin ABŞ ordusu bu hədəflərə planlaşdırılandan daha tez və effektiv şəkildə çatır. Əməliyyatlar yalnız Prezident Tramp hərbi hədəflərə çatdığını açıqladıqda sona çatacaq.”
Livitt bildirib ki, ABŞ ordusu İranın nüvə proqramının infrastrukturu üzərində işləyir və “Mülkiləri hədəf alan, qlobal iqtisadiyyatı təhdid edən terror qruplaşmalarını məhv etmək yaxşı bir şeydir. Prezident Tramp bunu həyata keçirdiyi üçün təriflənməyə layiqdir.”
Pit Heqset isə İrandakı hərbi hədəflərə yönəlik əməliyyatların davam edəcəyini bildirib: “İrandakı əsas hədəflərimiz raketlər və müdafiə infrastrukturu, xüsusilə də İran donanmasıdır. Bu gün əməliyyatların ən intensiv günü olacaq. Düşmən məğlub olana qədər müharibə sona çatmayacaq.”
Heqset Tehran rəhbərliyini sərt tənqid edərək əlavə edib: “İran qorxaqcasına məktəblərdən və xəstəxanalardan raket atır, bilərəkdən günahsızları hədəf alır.”
ABŞ və İsrail, Tehran və Vaşinqton arasında aparılan danışıqlar davam edərkən 28 fevralda İrana hərbi hücum başladıb.
İran isə qisas olaraq İsraildən başqa ABŞ-a məxsus bəzi bazaların yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi bölgə ölkələrində hədəflərə qarşı hücumlar həyata keçirib.
Bu hücumlarda İran lideri Ayətullah Əli Xamenei və çox sayda yüksək rütbəli şəxs həlak olub. İranlı rəsmilərin verdiyi məlumata görə, hücumlarda ümumilikdə 1332 nəfər ölüb.























