ABŞ prezidenti Donald Tramp Tehranın nüvə sazişi ilə bağlı razılığa gəlməyi bacarmadığını yenidən bəyan edib. O, İranın “qeyri-nüvə sazişini necə imzalayacağını bilmədiyini” qeyd edərək, Tehranı “ən qısa zamanda ağıllanmağa” çağırıb.
Paylaşımda Trampın hərbi əməliyyatlar fonunda təsvir olunduğu və üzərində “No more Mr. Nice Guy!” (yaxşı oğlan olmaq dövrü bitdi) yazısı olan fotoşəkil yer alıb.
Ağ Ev sahibinin “yaxşı oğlan” ifadəsinin arxasında nələr dayanır?
Politoloq Kənan Novruzov Musavat.com-a deyib ki, bu, Trampın İranla bağlı ilk xəbərdarlığı deyil: “Ağ Ev rəhbəri əvvəllər də bir neçə dəfə İranı təhdid edib. Amma görünən odur ki, bu hədələr Vaşinqton üçün arzuolunan effekti vermir. Ümumiyyətlə, Ağ Ev indi belə rəy yaratmağa çalışır ki, İran asanlıqla həzm olunan loxmadır. Amma belə deyil. Hər halda, Vaşinqton Tehranla bağlı hesablamalarında səhv etdi”.
Politoloqun sözlərinə görə, Trampın hazırkı ritorikasının arxasında dayanan bir neçə məqam var: “Birincisi, bu, psixoloji müharibənin tərkib hissəsidir. İkincisi, ABŞ lideri supergüc statusunu itirdiyini qəbul etmək istəmir. Üçüncüsü, Tramp azalan reytinqini bərpa etmək istəyir. Amma bu, çıxış yolu deyil. Çünki İran geri çəkilmək, o cümlədən nüvə silahından imtina etmək niyyətində deyil. Bunu rəsmi Tehran açıq-aydın deyib. Üstəlik, nəzərə almaq lazımdır ki, SEPAH xeyli önə çıxıb. SEPAH ümumiyyətlə, loyal addım və dialoq barədə düşünmür. Çox güman, prezident Məsud Pezeşkianın mümkün konstrukriv qərarlarına da elə SEPAH mane olur. Bu baxımdan, Tramp mümkün riskləri nəzərə almalıdır. Əgər bu dəfə də dediyini etməsə və ya hədələri konkret nəticə verməsə, reytinqi minimuma düşə bilər”.























