İran Xarici İşlər Naziri Abbas Əraqçi ölkəsinin sülh məqsədli nüvə proqramının beynəlxalq təhlükəsizlik və sülh üçün təhdid kimi göstərilməyə çalışıldığını bildirib və İranın hər cür hücum və təhdidə qarşı özünü müdafiəyə hazır olduğunu vurğulayıb.
Referans Media xəbər verir ki, Abbas Əraqçi BMT Cenevrə Ofisində keçirilən Silahsızlanma Konfransında çıxış edib. O, beynəlxalq sülh və təhlükəsizlik sisteminin son illərdə qarşılaşdığı gərginliklər və mürəkkəb risklərə diqqət çəkib. İranın nüvə proqramının sülh məqsədli olduğunu və bu sahədə dinc strategiya izlədiyini açıqlayıb.
Əraqçi bəyan edib ki, ABŞ və bəzi Qərb ölkələrinin davranışları müzakirə prosesinə ciddi zərbə vurub. Xüsusilə ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) tək tərəfli çıxması bölgədə sabitliyə mənfi təsir göstərib.
Abbas Əraqçi İranın “mənalı və nəticəyönümlü” müzakirələrə daim hazır olduğunu bildirib. 13 iyun 2025-ci il hücumu zamanı da nümayiş etdirildiyi kimi, İran hər cür təhlükə və hücuma qarşı tam müdafiəyə hazırdır. O, İranın hər hansı hücuma qarşı cavabının hazır olduğunu vurğulayıb.
İran nüvə proqramını qoruyacağını bildirib, lakin həm regionda, həm də beynəlxalq səviyyədə hər hansı təhdid və hücuma qarşı qətiyyətli addımlar atacağını açıqlayıb.
