Ukrayna Prezidenti Volodimir Zelenskinin İranda baş verən etiraz aksiyaları ilə bağlı səsləndirdiyi fikirlər Tehranın kəskin reaksiyasına səbəb olub. İranın xarici işlər naziri Abbas Ərakçi Zelenskinin açıqlamalarına cavab olaraq bildirib ki, “dünya çaşqın klounlardan bezib”.
Referans Media xəbər verir ki, İranın xarici işlər naziri bu mövqeyini ABŞ mərkəzli X sosial media platformasında paylaşıb. Ərakçi açıqlamasında İran xalqının özünü müdafiə etməyi bacardığını və heç vaxt xarici güclərdən yardım ummadığını vurğulayıb.
“Cənab Zelenski, dünya klounlardan bezib. Muzdlu əsgərlərlə dolu ordunuzdan fərqli olaraq, iranlılar özlərini necə qoruyacaqlarını yaxşı bilirlər”, – deyə nazir qeyd edib.
Ərakçi, eyni zamanda, ukraynalı rəsmilərin ABŞ və Avropadan daxil olan maliyyə yardımları hesabına varlandıqlarını iddia edərək, onların utanmadan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozacaq şəkildə ABŞ-ın İrana qarşı qanunsuz hücumlarını dəstəklədiklərini bildirib.
Qeyd edək ki, Volodimir Zelenski İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində etdiyi çıxışda İranda baş verən etirazlara toxunaraq, İran xalqına kifayət qədər dəstək verilmədiyini, Avropanın proseslərdə passiv qaldığını və ABŞ-ın hansı addım atacağının gözlənildiyini söyləmişdi.
Zelenskinin bu fikirləri İran tərəfindən daxili işlərə müdaxilə kimi qiymətləndirilib və diplomatik ritorikanın sərtləşməsinə səbəb olub.
