İran–ABŞ gərginliyində yeni mərhələ: Tarixi anlaşma yaxındadır?

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrail ilə yaşanan gərginliyin aradan qaldırılması üçün diplomatik danışıqlara hazır olduqlarını bəyan edib.

Referans Media xəbər verir ki, Pezeşkian Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı İranın dialoq və diplomatik həll yollarına açıq olduğunu, lakin ölkəsinin hüquqlarının qorunmasının əsas prioritet olduğunu bildirib.

O, ABŞ-ni danışıqlar fonunda İrana qarşı hərbi əməliyyatlar həyata keçirməkdə ittiham edərək bu addımı “arxadan vurulan zərbə” kimi qiymətləndirib.

Beynəlxalq mediada yayılan məlumatlara görə, ABŞ və İran arasında sanksiyaların yumşaldılması və nüvə fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı ilkin razılaşma üzrə mühüm irəliləyiş əldə olunub. İddialara əsasən, İran uranın zənginləşdirilməsi fəaliyyətlərinə məhdudiyyət qəbul edə, ABŞ isə sanksiyaları mərhələli şəkildə ləğv edə bilər.

CNN və Axios-un məlumatlarına görə, tərəflər genişmiqyaslı razılaşmaya əvvəlkindən daha yaxın hesab olunur. Diplomatlar bu danışıqların regionda gərginliyi azalda biləcək yeni mərhələnin başlanğıcı ola biləcəyini bildirirlər.

Qeyd edək ki, müzakirələrin yaxın günlərdə davam etdirilməsi və İranın vasitəçilər üzərindən ABŞ-yə rəsmi cavab göndərməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki