Yaxın Şərqdə gərginlik yenidən təhlükəli həddə çatıb. ABŞ ordusunun İranın cənubundakı hərbi hədəflərə zərbələr endirməsi bölgədə narahatlığı artırıb. Hadisədən sonra İranın bir neçə şəhərində ardıcıl partlayış səslərinin eşidildiyi bildirilib.
Referans Media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubunda yerləşən bəzi hərbi obyektlərə “müdafiə məqsədli əməliyyat” həyata keçirdiyini açıqlayıb. Məlumata görə, əməliyyat zamanı İran İnqilab Keşikçiləri Korpusuna aid raket bazaları və Hörmüz boğazında mina yerləşdirdiyi iddia olunan hərbi katerlər hədəfə alınıb.
ABŞ rəsmiləri bildiriblər ki, əməliyyat əsasən strateji əhəmiyyət daşıyan Bəndər-Abbas limanı və Hörmüz boğazı ətrafında həyata keçirilib. Xarici KİV-in məlumatına görə, İran tərəfinin ABŞ təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemlərini işə salmasından sonra bölgədə vəziyyət daha da gərginləşib.
İran mediası isə Bəndər-Abbas, Cask və Sirik şəhərlərində güclü partlayış səslərinin eşidildiyini yazıb. Bəzi mənbələr hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini və bir sıra hərbi obyektlərin vurulduğunu iddia edir.
ABŞ tərəfi əməliyyatların “məhdud və müdafiə xarakterli” olduğunu vurğulasa da, İran mediası Vaşinqtonu atəşkəsi pozmaqda ittiham edib. Eyni zamanda bəzi İran yönümlü media qurumları hücum zamanı mülki ərazilərin də zərər gördüyünü iddia edib.
Bölgədəki son hadisələr beynəlxalq ictimaiyyətdə də ciddi narahatlıq yaradıb. Xarici ekspertlər xəbərdarlıq edirlər ki, Hörmüz boğazında baş verəcək hər hansı genişmiqyaslı qarşıdurma həm regional təhlükəsizliyə, həm də dünya enerji bazarına ciddi təsir göstərə bilər.
Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft daşımalarının ən vacib marşrutlarından biri hesab olunur və burada yaranacaq hərbi gərginlik qlobal iqtisadiyyata birbaşa təsir edə bilər.
