İranda nüvə obyektlərinə mümkün zərbələr region üçün ciddi risklər yaradır. Ekspertlər hesab edir ki, belə hücumlar təkcə hərbi və siyasi nəticələrlə məhdudlaşmaya bilər, eyni zamanda radioaktiv sızıntı ehtimalı da region ölkələri üçün təhlükə yarada bilər. Xüsusilə İranla coğrafi baxımdan yaxın olan Azərbaycan üçün bu risklər daha həssas hesab olunur.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, hazırda Amerika ilə İran arasında faktiki olaraq total müharibə şəraiti yaranıb və belə vəziyyətdə müxtəlif risklərin ortaya çıxması mümkündür. Onun sözlərinə görə, hadisələrin inkişafı təkcə münaqişə tərəflərini deyil, ətraf bölgələrdə yerləşən və bu əməliyyatlarda birbaşa iştirakı olmayan ölkələri də təsirləndirə bilər.
Politoloq qeyd edib ki, əgər İranın nüvə obyektlərində təhlükəli maddələr mövcuddursa və həmin obyektlərə endirilən zərbələr nəticəsində nüvə sızıntısı baş verərsə, bunun Azərbaycana birbaşa və dolaylı təsirləri mümkündür.
A.Quliyev bildirib ki, belə ssenaridə ilk növbədə humanitar nəticələr ortaya çıxa bilər:
“İranın nüvə obyektlərinə vurulan zərbələr ölkə daxilində insanların xilas olmaq üçün müxtəlif istiqamətlərdə məcburi köçünə səbəb ola bilər. Bu halda mümkün istiqamətlərdən biri də Azərbaycan ola bilər. Yəni kütləvi qaçqın axınının Azərbaycana yönəlməsi ehtimalı var və bu, təbii ki, ölkəyə müəyyən təsir göstərə bilər”.
Politoloqun sözlərinə görə, nüvə sızıntısı ehtimalı da nəzərə alınmalıdır. O bildirib ki, İranla Azərbaycan arasındakı məsafə çox böyük deyil və bu səbəbdən radioaktiv təsirlərin regiona çatması ehtimalı nəzəri olaraq mövcuddur.
A.Quliyev həmçinin məsələnin hərbi tərəflərinə də diqqət çəkib. Onun fikrincə, uzaq məsafədən buraxılan ballistik və uzaqmənzilli raketlərin texniki nasazlıq və ya yanılma ehtimalı da var.
“Necə ki, İranın atdığı gücləndirilmiş raketlərdən biri Türkiyənin Hatay vilayətinə düşüb. Eyni hal İrana endirilən zərbələr zamanı da baş verə bilər. Bu isə Azərbaycanın İranla sərhədə yaxın ərazilərində hərbi risklərin yaranması ehtimalını artırır”, – deyə o bildirib.
Politoloq əlavə edib ki, bəzi raket zərbələrinin İranın Türkmənistanla sərhədinə yaxın ərazilərə düşməsi də bu risklərin real olduğunu göstərir.
“Belə şəraitdə heç kim təminat verə bilməz ki, İrana endirilən zərbələr Azərbaycanın sərhədlərinə yaxın ərazilərə, cənub bölgələrinə və ya Naxçıvan istiqamətinə düşməyəcək. Buna görə də İranda hərbi eskalasiyanın Azərbaycana birbaşa və dolaylı hərbi, siyasi, geosiyasi və radioaktiv təsirləri mümkündür”, – deyə A.Quliyev vurğulayıb.
Gülnaz Abdullazadə.
