ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi böhran səbəbi ilə başlayan və rejim əleyhinə etirazlara çevrilən aksiyalarda həyatını itirənlərin sayının 4519-a yüksəldiyini açıqlayıb.
Referans Media xəbər verir ki, ölkənin müxtəlif bölgələrində baş verən hadisələrdə 26 314 nəfər saxlanılıb. Ölənlər arasında 197 təhlükəsizlik əməkdaşı da var. Dünən ölü sayı 4 029 olaraq açıqlanmışdı.
Etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük bazarında yerli valyutanın dəyər itirməsi və iqtisadi problemlərə etiraz olaraq başlanıb və sonradan bir çox şəhərlərə yayılıb. 8 yanvarda Tehranda etirazlar daha da şiddətlənib və hökumət internetə çıxışı məhdudlaşdırmışdı. Son günlərdə internet qismən açılıb.
HRANA əlavə edib ki, ölü və həbs sayı barədə məlumatlar yenilənməkdədir. İran rəsmiləri isə hadisələrdə həyatını itirən və yaralananların dəqiq sayını hələ açıqlamayıb.
İran lideri Ayətullah Ali Xamenei 17 yanvarda çıxış edərək etirazlar zamanı “İsrail və ABŞ-la əlaqəli şəxslərin böyük zərər vurduğunu və bir neçə min insanı öldürdüyünü” iddia edib.
