İranda rejimi necə dəyişmək olar? – Politoloqdan AÇIQLAMA

İran ətrafında artan gərginlik fonunda yüksək vəzifəli şəxslərin hədəfə alınması məsələsi beynəlxalq müzakirələrin mərkəzinə çevrilib. Bu cür addımların hərbi və siyasi baxımdan nə dərəcədə effektiv olduğu, eləcə də qarşı tərəfi güzəştlərə məcbur edib-etməyəcəyi dair suallar doğurur.

Referans Media xəbə verir ki, bununla bağlı Sfera.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, müharibə şəraitində hər bir dövlət ilk növbədə öz siyasi və hərbi rəhbərliyini qorumağa çalışmalıdır:

“Ümumiyyətlə, müharibə zamanı dövlət çalışmalıdır ki, öz rəhbərliyini qoruyub saxlasın. Əgər müharibə dövründə dövlətin yüksək rütbəli şəxsləri, istər sivil, istərsə də hərbi statusda olanlar öldürülürsə, bu, hər halda dövlət üçün mənfi haldır. Amma müharibənin də öz qaydaları var. Dövlət çalışmalıdır ki, qarşı tərəfin rəhbərliyini tamamilə məhv etməsin. Çünki sabah danışıqlar masasında kiminləsə oturub danışmaq lazım olacaq. Məsələn, Trampın bir açıqlaması diqqətimi çəkdi. O deyir ki, ABŞ bilmir ki, kimlə danışıq aparsın. Əlbəttə ki, hamını öldürdükdən sonra danışıq aparacaq adam qalmır. Bu, vacib məqamdır. Yəni bu məsələdə həm də müharibənin qanunlarına və qaydalarına riayət etmək lazımdır”.

Politoloqun fikrincə, İranda yüksək vəzifəli şəxslərin aradan götürülməsi ölkəni güzəştlərə məcbur etməyə yetərli deyil:

“İranda idarəetmə sisteminin dərin kökləri var. Yaxşıdır, pisdir, necədir – hər halda bu, bir sistemdir. Ölən şəxsin yerinə başqası gəlir. Biz bunu görürük və müqavimət də davam edir. Rejim çökmür, insanlar təyyarəyə minib qaçmırlar, yaxud xalq küçələrə axışmır. Çünki orada ideoloji bir sistem mövcuddur.

Mən həmişə demişəm ki, ideoloji dövlətlərlə, xüsusilə ideoloji böyük dövlətlərlə mübarizə çətindir. Xarici təcavüz və iqtisadi böhran onları devirmək üçün kifayət etmir. Onları yalnız daxildən zəiflətmək mümkündür”.

İranda vəziyyət də məhz belədir. ABŞ ilə mübarizə bu ölkədə 40 ildir davam edir. İndi Amerika raket zərbələri endirib, amma bu İranı zəiflədə bilərmi? Xeyr. Əgər Amerika quru qoşunlarını yeritsə, Tehrana müdaxilə etsə, onda partizan savaşı başlaya bilər və müqavimət davam edər. Əfqanıstan nümunəsində də bunu gördük – 20 ildən sonra Amerika oradan çıxmalı oldu və Taliban hakimiyyətə qayıtdı. İranın hərbi potensialı, ərazi böyüklüyü və əhalisi onu Amerika üçün daha böyük bir bataqlığa çevirir. Buna görə amerikalılar quru əməliyyatına girmirlər.

Hətta raket zərbələri ilə də hədəflərinə tam çata bilməyiblər. Tramp deyir ki, əksəriyyətinə çatmışıq, amma hələlik bu tam görünmür. Çünki İranın müqaviməti davam edir və hakimiyyət yerindədirsə, demək ki, Amerika hədəfinə tam çata bilməyib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki