İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü, briqada generalı Məhəmməd Cəfər Əsədi Tehran və Vaşinqton arasında danışıqlarda yaranan çıxılmaz vəziyyət fonunda hərbi qarşıdurma riskinin hələ də yüksək olduğunu deyib.
Əsədi ABŞ-ın İrandan qeyd-şərtsiz təslim olmağı tələb etdiyini bildirib və bunun mümkün olmadığını vurğulayıb.
“ABŞ tam təslimiyyət tələb edir, lakin İran xalqı heç vaxt buna razı olmayacaq. Təslimiyyət olmayacaqsa, müharibə qaçılmazdır”, – deyə general bildirib.
O qeyd edib ki, Tehran bütün imkanlarını hələ üzə çıxarmayıb və zərurət yaranacağı təqdirdə müxtəlif cavab variantlarından istifadə edəcək.
“Biz hələ bütün kozırlarımızı açıqlamamışıq. Lazım gələrsə, istifadə edə biləcəyimiz çoxsaylı seçimlərimiz var”, – deyə Əsədi əlavə edib.
İranlı general ölkənin müdafiə sənayesinin vəziyyətinə də münasibət bildirib. Onun sözlərinə görə, son münaqişə zamanı müəyyən itkilər və zərərlər qeydə alınsa da, müdafiə sənayesinin əsas potensialı qorunub saxlanılıb.
Belə ki, əsas hərbi istehsal və təminat obyektləri gizli məkanlarda yerləşir və onların yeri qarşı tərəfə məlum deyil. Bu da ölkənin müdafiə sənayesinin fəaliyyətini davam etdirməsinə və hərbi texnika istehsalını sabit səviyyədə saxlamasına imkan verir./Globalinfo.az
