İranın yüksək səviyyəli siyasi rəsmilərindən biri ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri ilə bağlı sərt açıqlama verib.
Referans Media xəbər verir ki, İran lideri Əli Xameneinin baş müşaviri və tanınmış siyasətçi Əli Əkbər Vilayəti Trampa müraciət edərək, onun Pekinə “qələbə görüntüsü ilə” daxil olacağını düşünməməsi barədə xəbərdarlıq edib. O, Trampın bölgədəki geosiyasi dəyişiklikləri düzgün qiymətləndirməli olduğunu bildirib.
Əli Əkbər Vilayəti həmçinin ABŞ tərəfinin İranı nüvə silahı ilə bağlı təhdid etdiyini iddia edərək, Vaşinqtonu sərt tənqid edib.
ABŞ və Çin liderlərinin gözlənilən görüşü isə beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Görüşdə İran, Tayvan, süni intellekt, nüvə silahları və ticarət müharibələri kimi kritik məsələlərin müzakirə olunacağı bildirilir.
Diplomatik mənbələr ABŞ–Çin xəttində gərginliyin davam etdiyini və İran məsələsinin də danışıqlarda mühüm rol oynayacağını qeyd edirlər.
