ABŞ-İsrail ilə İran arasında davam edən müharibə fonunda regionda gərginlik artmaqda davam edir. Son günlər Türkiyəni də birbaşa narahat edən hadisələr baş verib.
Referans Media xəbər verir ki, 4 mart, 9 mart və 13 mart tarixlərində İran istiqamətindən Türkiyə hava məkanına doğru yönələn üç ballistik raket iki ölkə arasında ciddi narahatlıq yaradıb. Hadisə ilə bağlı Türkiyə rəsmiləri İran tərəfi ilə təmas quraraq məsələni müzakirə ediblər.
Cümə gecəsi isə Adanada yerləşən İncirlik hərbi bazasında siqnal səslərinin eşidilməsi diqqət çəkib. Gecə saatlarında baş verən bu hadisədən sonra Türkiyənin Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Nazirliyin məlumatına görə, Türkiyəyə doğru yönələn ballistik raket NATO qüvvələri tərəfindən havada zərərsizləşdirilib.
Hadisələr fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfikari diqqətçəkən açıqlama ilə çıxış edib. O bildirib ki, Türkiyə, Küveyt və İraq kimi bəzi “dost ölkələrə” qarşı həyata keçirilən hücumların arxasında İran dayanmayıb.
Zülfikarinin sözlərinə görə, bu hücumlar İranla qonşu ölkələr arasında gərginlik yaratmaq məqsədilə ABŞ və İsrail tərəfindən təşkil olunub. O iddia edib ki, məqsəd regionda qarşıdurma yaratmaq və İranın qonşuları ilə münasibətlərini pozmaqdır.
İranlı komandir həmçinin ABŞ-ın İranın “Şahid-136” tipli pilotsuz uçuş aparatını təqlid edən yeni bir sistem hazırladığını iddia edib. Onun sözlərinə görə, “Lukas PUA” adlandırılan bu sistem bəzi regional hədəflərə qarşı hücumlarda istifadə olunur.
Fars Xəbər Agentliyinin məlumatına görə, Zülfikari bildirib ki, ABŞ və İsrail İranın istifadə etdiyi silahları təqlid edərək region ölkələrinə qarşı hücumlar təşkil edir və bununla da məsuliyyəti İranın üzərinə yönəltməyə çalışırlar.
Baş verən hadisələr regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb və Türkiyə ilə İran arasında diplomatik təmasların intensivləşməsinə səbəb olub.
