İspaniyada iki sürətli qatar qəzaya uğradı: 21 nəfər həlak oldu

İspaniyanın cənubunda, Endülüs bölgəsində, Kordova şəhəri yaxınlığında iki sürətli qatarın relsdən çıxması nəticəsində 21 nəfər həyatını itirib.

Referans Media xəbər verir ki, yerli mediada yayılan məlumata görə, Malaqadan Madridə gedən sürətli qatar Kordovaya bağlı Adamuz qəsəbəsi yaxınlığında relsdən çıxıb və qatarın üç vaqonu aşırılıb. Bu vaxt qarşı xəttlə Huelva istiqamətinə gedən başqa bir qatar relsdən çıxmış vaqonlara görə manevr etməyə məcbur olub və onun da bəzi vaqonları aşıb.

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin bildirdiyinə görə, birinci qatarda 317, ikinci qatarda isə 100 sərnişin olub.

Qəza nəticəsində 21 nəfərin öldüyü, çox sayda yaralının olduğu açıqlanıb.

Hadisə yerinə 5 mobil reanimasiya maşını, bir logistika dəstək avtomobili və 4 təcili tibbi yardım briqadası göndərilib. Adamuz qəsəbəsində səyyar xəstəxana qurulub, hərbi təcili yardım bölüyündən 37 əsgər bölgəyə cəlb edilib.

Qatardan kənarda qalan sərnişinlərin köçürülməsi davam edir. Ətraf ərazilərdə yaşayan insanlar isə zərərçəkənlərə yorğan və yemək yardımı ediblər.

Madrid–Malaqa istiqamətində hərəkət edən qatarın niyə relsdən çıxdığı hələlik məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki