İspaniyada baş verən daha bir qatar qəzası ölümlə nəticələnib. Kataloniya bölgəsinin Barselona şəhərində banliyö qatarının qəzaya uğraması nəticəsində 1 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.
Referans Media xəbər verir ki, Kataloniya muxtar hökumətinin Mülki Müdafiə qurumu tərəfindən mətbuata verilən məlumata görə, Barselonada 4 nömrəli banliyö xətti üzrə hərəkətdə olan qatar Gelida ilə Sant Sadurni d’Anoia yaşayış məntəqələri arasında dəmir yoluna düşən istinad divarına çarpıb. Hadisə nəticəsində qatarın maşinisti ölüb, 20 sərnişin yaralanıb.
Bildirilib ki, hadisə ilə bağlı 112 Təcili Yardım xəttinə 28 müraciət daxil olub. Kataloniya hökumətinin rəsmi nümayəndələri, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər dərhal hadisə yerinə cəlb olunublar.
Rəsmilər həmçinin Kataloniya ərazisində güclü yağışların müşahidə edildiyini və gün ərzində ikinci qatar qəzasının qeydə alındığını açıqlayıblar.
Anadolu Agentliyinin (AA) məlumatına görə, Barselonada 1 nömrəli banliyö xəttində hərəkət edən digər bir qatar Maçanet Massanes ilə Tordera arasında dəmir yoluna düşən qaya parçasına çarpıb. Qatarda olan 10 nəfər xəsarət almadan xilas olub.
Qeyd edək ki, yanvarın 18-də İspaniyanın cənubunda, Endülüs bölgəsinin Kurtuba şəhəri yaxınlığındakı Adamuz qəsəbəsində iki sürətli qatarın toqquşması nəticəsində 42 nəfər həlak olmuş, çox sayda insan yaralanmışdı. Həmin qəzada xəsarət alanlardan 13-ü reanimasiya şöbəsində olmaqla, 39 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.
