İsrail ordusu Livanda ərazisinə qarşı hücumlarını genişləndirərək ölkənin cənubunda quru əməliyyatına başladığını açıqlayıb. Bildirilib ki, əməliyyatlar “məhdud və konkret hədəflərə yönəlib”.
Referans Media xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, son günlər hərbi bölmələr Cənubi Livanda Hizbullah mövqelərinə qarşı məhdud quru əməliyyatları həyata keçirir. Qeyd olunub ki, bu addımın məqsədi sərhəd bölgəsində irəli müdafiə xətlərini gücləndirməkdir.
450 min ehtiyat hərbçi çağırıla bilər
Digər tərəfdən, İsrailin dövlət televiziya kanalı KAN ordunun hökumətdən 450 min ehtiyat hərbçinin səfərbər olunması üçün icazə istəyəcəyini bildirib. Məlumata görə, yaxın günlərdə bu tələbin hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir. Bununla belə xəbərdə qeyd olunur ki, hazırda orduya çağırıla biləcək maksimum ehtiyat hərbçi sayı 260 min nəfərdir. Bu limit İsrail ordusunun döyüş bölgələrindəki yükünü azaltmaq məqsədilə hökumətin yanvar ayında qəbul etdiyi qərarla müəyyən edilib.
Hücumlar 2 martdan davam edir
İsrail ordusu martın 2-də Livan ərazisindən raket atıldığı iddiasından sonra ölkənin şimal bölgələrində hava hücumu xəbərdarlıqlarının işə düşdüyünü açıqlamışdı. Daha sonra İsrail Livan ərazisinə genişmiqyaslı hava zərbələri endirdiyini, o cümlədən paytaxt Beyrut istiqamətində hücumlar həyata keçirdiyini bildirmişdi. Hava və dənizdən həyata keçirilən hücumların ardınca İsrail ordusu Livana qarşı quru əməliyyatlarını da genişləndirmək qərarı verib.
Ölən və yaralananların sayı artır
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 2 martdan bəri həyata keçirdiyi hücumlar nəticəsində 850 nəfər həyatını itirib, 2105 nəfər isə yaralanıb. Livan hökumətinə bağlı Fövqəladə Halların İdarəedilməsi qurumu isə bildirib ki, İsrail hücumları və işğalı səbəbindən ölkədə 830 mindən çox insan məcburi köçkünə çevrilib.
