İsrail Trampın çağırışına məhəl qoymadı: İranın 4 şəhəri vuruldu

Yaxın Şərqdə gərginlik yenidən kritik həddə çatıb. İranın İsrailə raket hücumlarından sonra İsrail ordusu cavab əməliyyatı həyata keçirərək İran ərazisində bir neçə hədəfi vurub.

Referans Media xəbər verir ki, İsrail qüvvələri Tehran, İsfahan, Təbriz və Kərəc şəhərlərində yerləşən hərbi obyektlərə zərbələr endirib. Hücumlar nəticəsində sözügedən şəhərlərdə ardıcıl partlayışların baş verdiyi bildirilir.

ABŞ Prezidenti Donald Trampın İsrailə təmkinli davranmaq və cavab hücumunu təxirə salmaq çağırışına baxmayaraq, Baş nazir Benyamin Netanyahu rəhbərliyi əməliyyatın həyata keçirilməsi barədə qərar verib.

ABŞ Müdafiə Nazirliyi isə yayılan məlumatlarda Amerika qüvvələrinin hücumlarda iştirak etmədiyini açıqlayıb.

İsrail tərəfi əməliyyat zamanı İranın hərbi infrastrukturunun hədəf alındığını bəyan edib. İran rəsmiləri isə hadisə ilə bağlı geniş məlumat verməsələr də, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və bəzi bölgələrdə hava məkanına məhdudiyyətlər tətbiq olunduğunu bildiriblər.

Böhranın başlanmasına səbəb kimi İranın İsrailə qarşı həyata keçirdiyi ballistik raket hücumları göstərilir. Həmin hücumlardan sonra aylardır qüvvədə olan atəşkəs faktiki olaraq pozulub.

Gərginliyi artıran digər amil isə Yəməndən İsrail istiqamətində raket və pilotsuz uçuş aparatlarının buraxılması ilə bağlı xəbərlər olub. Bu isə münaqişənin daha geniş coğrafiyaya yayılması ehtimalını artırır.

Ekspertlər hesab edirlər ki, tərəflərin qarşılıqlı hücumları davam edərsə, regionda daha böyük hərbi qarşıdurma riski yarana bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki