İstanbulun Qaziosmanpaşa rayonunda baş verən hadisə cəmiyyətdə dərin sarsıntı yaradıb.
Referans Media xəbər verir ki, 74 yaşlı Ünzilə Mangazın “Bizi xilas edin, yatağa bağlı qızımı döyürlər” fəryadından sonra qonşuların etdiyi müraciət dəhşətli mənzərəni ortaya çıxarıb.
İddialara görə, ana və iki qızının yaşadığı mənzil uzun illərdir ağır şəraitdə olub. Qonşuların sözlərinə əsasən, ana sağ olduğu müddətdə tez-tez kömək üçün haray çəkib. Onun vəfatından sonra isə evdən gələn səslər kəsilib və şübhələr daha da artıb.
Mənzilə daxil olan şəxslər son dərəcə baxımsız, qaranlıq və çətin şəraitlə qarşılaşıblar. Yatağa bağlı olduğu bildirilən gənc qadının bir dəri, bir sümük halında tapıldığı, bədənində çoxsaylı xəsarət izlərinin olduğu qeyd edilir.
Hadisənin ictimailəşməsindən sonra müvafiq dövlət qurumları məsələni nəzarətə götürüb. Gənc qadın evdən çıxarılaraq aidiyyəti üzrə tibbi və sosial yardım xidmətlərinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.
