İtaliyada fövqəladə vəziyyət elan edilib

İtaliyada sağ koalisiya hökuməti ötən həftə Harri qasırğasının təsir göstərdiyi ölkənin qərb və cənubundakı 3 bölgədə fövqəladə vəziyyət (FV) elan edib və zərərlərin aradan qaldırılması üçün ilkin mərhələdə 100 milyon avro vəsait ayırıb.

Referans Media xəbər verir ki, Baş nazir Corcia Meloninin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında Harri qasırğası nəticəsində ciddi maddi ziyan dəymiş Siciliya adası, Sardiniya adası və Kalabriya bölgəsindəki vəziyyət müzakirə olunub.

Baş nazirliyin Nazirlər Şurasının iclasından sonra yaydığı yazılı açıqlamada bildirilib ki, Mülki Müdafiə və Dənizçilik Siyasətləri naziri Nello Musumeçinin təklifi əsasında 18 yanvar tarixindən etibarən Kalabriya, Sardiniya və Siciliyanı təsir edən fövqəladə meteoroloji hadisələr səbəbilə 12 aylıq fövqəladə vəziyyət elan edilməsi qərara alınıb.

Açıqlamada Harri qasırğasının sözügedən bölgələrdə, xüsusilə də sahilyanı ərazilərdə ciddi dağıntılara səbəb olduğu, iqtisadiyyat və istehsal fəaliyyəti, dövlət və özəl mülkiyyət, infrastruktur və ictimai xidmətlərə mənfi təsir göstərdiyi qeyd olunub.

Qasırğadan sonra 3 bölgənin bərpası üçün zəruri ilkin müdaxilələr məqsədilə Milli Fövqəladə Hallar Fondundan bərabər paylanmaqla ümumilikdə 100 milyon avro ayrıldığı bildirilib.

Əsas hesablamalar zərərin qiymətləndirilməsindən sonra aparılacaq

Nazir Musumeçi Nazirlər Şurasının iclasından sonra mediaya açıqlamasında bölgələrdən daxil olan ilkin zərər qiymətləndirmələrinin təxminən 1,2 milyard avro olduğunu, bu məbləğin arta və ya azala biləcəyini deyib.

O vurğulayıb ki, bölgələrə göstəriləcək dəstəyin əsas hesablanması zərərin tam qiymətləndirilməsi başa çatdıqdan sonra aparılacaq.

Harri qasırğası

Ötən həftə Mərkəzi Aralıq dənizində formalaşan Harri qasırğası İtaliyanın cənub bölgələrinə və Maltaya mənfi təsir göstərib.

Xüsusilə sahilyanı yaşayış məntəqələrinə çırpılan güclü dalğalar yollar, körpülər, infrastruktur və binalarda ağır dağıntılara səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki