Reytinq rekordu qıran "Uzak Şehir" serialında gözlənilməz ayrılıq yaşanır. Layihədə Şahin Albora obrazını canlandıran Alper Çankaya mövsüm finalından əvvəl serialla vidalaşır.
Referans Media xəbər verir ki, geniş izləyici auditoriyası qazanan və sosial şəbəkələrdə tez-tez gündəmə gələn "Uzak Şehir" mayın 25-də mövsüm finalı edəcək. Final öncəsi baş verən ayrılıq isə serialın fanatlarını təəccübləndirib.
Məlumata görə, Alper Çankaya layihədən öz istəyi ilə ayrılmaq qərarı verib. Aktyorun serialdan gedişi qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Əvvəlcə aktyorun başqa bir televiziya layihəsinə transfer olacağı iddia edilsə də, sonradan onun "Netflix" üçün hazırlanan yeni seriala qatıldığı məlum olub.
Bildirilir ki, Alper Çankaya “Eve Giden Yol” adlı serialın aktyor heyətinə daxil edilib.
"Ay Yapım" imzası daşıyan və “Lost” formatına bənzər şəkildə hazırlandığı deyilən “Eve Giden Yol” serialının çəkilişləri 2 iyunda başlayacaq.
Layihədə daha əvvəl Aras Bulut İynemli və Nilperi Şahinkayanın rol alacağı açıqlanmışdı. Yaxın günlərdə heyətə yeni aktyorların da qatılacağı gözlənilir.
