Kanadada dini simvol qadağası ilə bağlı böhran dərinləşir. Kvebek hökumətinin məktəblərdə dini simvolların istifadəsini genişləndirən 94 saylı Qanunu (Bill 94) nəticəsində Monreal və ətraf bölgələrdə onlarla məktəb əməkdaşı işdən çıxarılıb, vəzifədən uzaqlaşdırılıb və ya istefaya məcbur qalıb. Qanun 2025-ci ilin oktyabrında qəbul edilsə də, mart ayından etibarən geriyə tətbiq olunur.
Yeni dəyişikliklərə əsasən, əvvəl yalnız müəllim və direktorları əhatə edən qadağa artıq şagirdlərlə təmasda olan bütün məktəb personalına – kantin işçiləri, məktəbəqədər təhsil işçiləri, psixoloqlar və nəzarətçilərə də şamil edilir. İş saatlarında başörtüsü, kipa, xaç və digər dini simvolların taxılması qadağandır.
Hökumət 19 mart 2025-dən əvvəl işləyənlər üçün istisna tətbiq etsə də, bu tarixdən sonra işə girən və ya vəzifə dəyişən əməkdaşlar güzəştdən yararlana bilmir. Bu səbəbdən bəzi təcrübəli işçilər də işlərini itiriblər.
Başörtüsünü çıxarmaqdan imtina etdiyi üçün işdən uzaqlaşdırılan təhsil işçilərindən biri qərarı “kimliyi ilə karyerası arasında seçim” kimi qiymətləndirib.
Hakim CAQ partiyasının nümayəndələri isə bildirirlər ki, əməkdaşlar qanuna əməl etməməyi özləri seçiblər və nəticələrinə qatlaşmalıdırlar. Müxalifət və həmkarlar ittifaqları isə qanunu “ayrı-seçkilik” adlandıraraq dəyişdirilməsini tələb edirlər.
