image-b_51777448191backend

Kartdan karta köçürmələrdə yüksək komissiya: 2 manata 1 manat tutulur – İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə bank xidmətləri ilə bağlı artan narazılıqların əsas səbəblərindən biri də kartdan karta pul köçürmələri zamanı tətbiq edilən yüksək komissiya haqlarıdır. Xüsusilə cüzi məbləğlərdə – məsələn, 2 manat köçürmə zamanı 1 manat xidmət haqqının tutulması istifadəçilər arasında ciddi suallar doğurur. Bu isə faktiki olaraq 50 faiz komissiya deməkdir və gündəlik maliyyə əməliyyatlarını həyata keçirən vətəndaşlar üçün əlavə yük yaradır.

Rəqəmsal bankçılığın geniş yayıldığı bir dövrdə bu cür tarif siyasəti həm müştəri məmnuniyyəti, həm də maliyyə əlçatanlığı baxımından müzakirələrə səbəb olur. İstifadəçilər daha şəffaf və ədalətli xidmət şərtləri gözlədiyi halda, yüksək komissiyalar bank sektoruna olan etimadı da müəyyən dərəcədə sarsıda bilər.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, 2 və ya 1 manatlıq pul köçurməsindən 1 manat komissiya tutmaq qanuna zidd deyil, amma ədalətli də deyil. Onun sözlərinə görə, banklar kartdan karta köçürmədə adətən 1 faiz götürür, lakin minimum 1 manat limit qoyurlar: “2 manatın 1 faizi 2 qəpik eləyir, amma minimum 1 manat işə düşdüyü üçün 50 faiz çıxır. Bank bunu əməliyyat xərcləri ilə izah edir, çünki hər köçürmədə prosessinq, təhlükəsizlik yoxlaması, SMS xərci var.
Problem ondadır ki, kiçik məbləğlər üçün bu haqq çox ağırdır və adamları nağd pula qayıtmağa məcbur edir. Bu isə nağdsız iqtisadiyyat siyasətinə ziddir. Dünyada da oxşar minimumlar var, amma bizdə bütün bankların 1 manat qoyması rəqabəti azaldır, müştərini razılaşmağa zorlayır.

Əgər xırda məbləğ göndərirsənsə, eyni bankın kartları arasında köçürmə adətən pulsuz olur. Ən yaxşı yol Ani Ödəniş Sistemi (AÖS) ilə mobil nömrəyə göndərməkdir, 100 manata qədər çox bankda komissiya tutmur. 2 manat göndərəndə heç nə itirmirsən.

Qısası, bankın texniki baxımdan haqqı var, amma 2 manata 1 manat tutmaq sosial baxımdan haqsızdır, cibə girməkdir. Minimum hədd ya aşağı salınmalıdır, ya da kiçik köçürmələr üçün AÖS məcburi pulsuz olmalıdır. Fikrimizcə bu cür ədalətsiz davranışlar zamanı Azərbaycan Mərkəzi Bankı müdaxiləsi ilə öz qaydalarıni qoymaqla ədaləti bərpa etməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki