image-kere-yagibackend

Kərə yağı bahalaşacaq? – AÇIQLAMA

İranda istehsal edilən bütün növ qida məhsullarının ixracı növbəti xəbərdarlığa qədər qadağan edilib. Bu qadağanın İrandan ərzaq məhsulları alan ölkələrin daxili bazarlarına müəyyən dərəcədə təsir edəcəyi gözlənilir.

Referans Media  xəbər verir ki, Azərbaycanın İrandan aldığı əsas ərzaq məhsullarından biri kərə yağıdır.

Ölkəmiz idxal etdiyi kərə yağının böyük hissəsini İrandan tədarük edir.

2025-ci ilin məlumatına əsasən, Azərbaycan təxminən 20 min ton kərə yağı idxal edib ki, bunun da 8500 tonu İranın payına düşüb. İdxal edilən ümumi kərə yağının bir kiloqramının orta qiyməti 7,9 dollar olduğu halda, İrandan alınan kərə yağının bir kiloqramının orta qiyməti 5,9 dollar təşkil edib.

Bu rəqəmlərdən aydın olur ki, ölkəmiz İrandan daha çox kərə yağını ucuz olduğu üçün alıb. Deməli, İrandan ərzaq məhsullarının, o cümlədən kərə yağının ixracının dayandırılması qərarı Azərbaycanda kərə yağının bahalaşmasına səbəb ola bilər.

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, əgər İran bütün qida məhsullarının ixracını müvəqqəti dayandırıbsa, bu qərar Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək:

“Xüsusilə, Azərbaycanın kərə yağı idxalında əsas tədarükçülərdən biri İrandırsa, qısa müddətdə təklif azalması yarana bilər. Təklif azalanda isə bazarda qiymət artımı riski yüksəlir. Əgər alternativ idxal mənbələri tez tapılmazsa və ya daxili istehsal tələbi tam qarşılamazsa, kərə yağının qiymətində artım mümkündür. Bu artımın səviyyəsi isə bir neçə amildən asılı olacaq: mövcud ehtiyatların həcmi, digər ölkələrdən idxal imkanları, logistika xərcləri və daxili bazarda rəqabət. Əgər qadağa qısamüddətli olarsa və bazarda kifayət qədər ehtiyat varsa, qiymət artımı ya zəif olar, ya da ümumiyyətlə hiss olunmaya bilər. Amma ixrac məhdudiyyəti uzun çəkərsə, kərə yağı bahalaşa bilər. Dövlət tərəfindən alternativ bazarların aktivləşdirilməsi və ya tənzimləyici addımlar atılması qiymət artımının qarşısını qismən ala bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki