“KitKat” və “Nescafe” markalarının istehsalçısı olan Nestle, körpə qidalarının müəyyən partiyaları ilə bağlı sağlamlıq xəbərdarlığı yayımlayıb.
Referans Media xəbər verir ki, dünya üzrə satışda olan bəzi körpə qidası məhsullarında istehlak edildiyi təqdirdə körpələrdə qusma və ishala səbəb ola bilən “cereulide” adlı toksin aşkar edilib. Bu səbəbdən sözügedən məhsulların körpələr üçün təhlükəsiz olmadığı vurğulanıb.
Hazırda həmin məhsullarla əlaqəli hər hansı xəstəlik halının qeydə alınmadığı bildirilsə də, şirkət ehtiyat tədbiri olaraq 50-dən çox ölkədə məhsulların geri çağırıldığını açıqlayıb.
Nestle valideynlərə müraciət edərək, müəyyən partiyalara aid körpə qidalarının istifadəsini dərhal dayandırmağı və məhsulları aldıqları mağazalara qaytarmağı tövsiyə edib. Çin və Avstraliya da daxil olmaqla bəzi ölkələrdə potensial çirklənmiş körpə qidaları ilə bağlı rəsmi sağlamlıq xəbərdarlıqları yayılıb.
Geri çağırılan məhsullar arasında məşhur Beba markası ilə yanaşı, Alfamino kimi xüsusi tibbi qidalar da yer alır. Türkiyə, Böyük Britaniya, Avstriya və Almaniya da geri çağırma qərarının tətbiq edildiyi ölkələr sırasındadır. ABŞ və Kanada üçün isə hələlik belə bir qərarın verilmədiyi diqqət çəkir.
Almaniyada fəaliyyət göstərən Foodwatch İstehlakçı Hüquqlarını Müdafiə Təşkilatı Nestleni “məsuliyyətsiz davranmaqda” ittiham edib.
Təşkilatın açıqlamasında Nestlenin körpə qidalarındakı çirklənmədən ən azı 2025-ci ilin dekabr ayının əvvəlindən xəbərdar olduğu iddia edib. “Qalmaqal”la bağlı bir çox sualın cavabsız qaldığı vurğulanaraq, şirkətdən tam şəffaflıq tələb edilib.
Foodwatch bildirib ki, çirklənmənin nə vaxt başladığı və hansı istehsal müəssisələrinin bundan təsirləndiyi hələ də açıqlanmayıb. Açıqlamada, Fransa da daxil olmaqla digər Avropa ölkələrində eyni “cereulide” toksini səbəbilə Nestle körpə qidalarının həftələr əvvəl geri çağırıldığı, lakin Almaniyada bunun yalnız yanvarın əvvəlində ictimaiyyətə elan edildiyi qeyd olunub.
Təşkilatın hesablamalarına görə, təxminən 60 ölkədə, 10-dan çox Nestle zavodunda istehsal olunan 800-dən artıq məhsul geri çağırmadan təsirlənib. Foodwatch bəzi hallarda rəsmi qurumların və ictimaiyyətin həftələrlə gec məlumatlandırıldığını da iddia edib.
Foodwatch rəhbərlərindən Alina Nitsche məsələ ilə bağlı bildirib ki, hər bir qida qalmaqalında istehlakçılar çox gec və qeyri-kafi məlumatlandırılır:
“Məsul şirkətlər demək olar ki, heç bir ciddi nəticə ilə üzləşmirlər. Şirkətlər və qida təhlükəsizliyi orqanları üçün açıq məlumat vermək məcburi olmalıdır. Ağır pozuntular zamanı sanksiyalar və cərimələr şirkətlərə real maliyyə zərəri vurmalıdır. İndiyədək qida şirkətləri çox vaxt cəzasız qalır və ya cüzi xəbərdarlıqlar və aşağı məbləğli cərimələrlə məsuliyyətdən yayınır.”
