Kuba iqtisadiyyatı son onilliklərin ən ağır və qeyri-müəyyən dövrünü yaşayır. ABŞ-ın təzyiqləri və yanacaq axınının məhdudlaşdırılması ölkəni ciddi enerji böhranı ilə üz-üzə qoyub. Yanacağın tükənməsi nəqliyyat, istehsal və turizm sektorunda fəaliyyəti demək olar ki, dayanma həddinə çatdırıb.
Referans Media xəbər verir ki, ölkə üzrə elektrik kəsintiləri gündəlik həyatın adi hissəsinə çevrilib, paytaxt Havana gecələr qaranlığa qərq olur. Enerjiyə qənaət məqsədilə bəzi məktəblərdə dərslər dayandırılıb, işçilər məcburi məzuniyyətə göndərilib. Dövlət xəstəxanaları xidmətlərini məhdudlaşdırıb, yanacaq çatışmazlığı səbəbindən küçələrdə tullantılar yığılır, bəzi beynəlxalq uçuşlar ləğv olunur.
Böhran turizmə də ağır zərbə vurub. Xarici ölkələr vətəndaşlarına Kubaya zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edir. Ənənəvi Habanos puro festivalı ləğv edilib, bəzi sənaye müəssisələri isə fəaliyyətini dayandırıb.
Ərzaq təhlükəsizliyi ilə bağlı risklər də artır. İdxaldan asılı olan ölkədə nəqliyyat və elektrik problemləri qıtlıq ehtimalını gücləndirir. Rəsmi dairələr əhalini çətinliklərə qarşı “davamlı və yaradıcı” olmağa çağırır.
Mütəxəssislər hesab edirlər ki, mövcud vəziyyət yaxın dövrdə yaxşılaşmasa, ölkədə sosial-iqtisadi gərginlik daha da arta bilər.
