Küçənin ortasında içi pulla dolu çantalar oğurlandı

Yaponiyanın paytaxtı Tokio şəhərində oğrular küçənin ortasında hədəf aldıqları bir qrup şəxsdən içərisində təxminən 420 milyon yen (2,7 milyon dollar) olan çantaları oğurlayaraq hadisə yerindən qaçıblar.

Referans Media xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Tokio şəhərinin mərkəzində yerləşən Taito rayonunda dünən axşam saatlarında 3 şübhəli şəxs, içərisi pul dolu üç çantanı küçədəki avtomobilə yerləşdirən bir qrupa hücum edib.

Aralarında iki Çin vətəndaşının da olduğu 5 nəfərlik qrupa bibər qazı ilə hücum edən şübhəlilər çantaları ələ keçirərək ərazidən uzaqlaşıblar.

Pulun oğurlandığı qrup polisə verdiyi ifadədə çantalarda olan məbləğin təxminən 420 milyon yen olduğunu bildirib.

Hadisədən sonra Tokio şəhərində yerləşən Haneda Hava Limanının avtodayanacağında pul daşıyan daha bir şəxs bibər qazı ilə hücuma məruz qalıb, lakin onun çantası oğurlanmayıb.

İstintaq orqanları iki hadisə arasında əlaqənin olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki