Laçında öldürülən vəzifəli şəxsin qaynı danışdı: “Bacım zəng vurdu ki…” – TƏFƏRRÜATbackend

Laçında öldürülən vəzifəli şəxsin qaynı danışdı: “Bacım zəng vurdu ki…” – TƏFƏRRÜAT

  Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Laçın rayon şöbəsinin sədri, müğənni Səfər Quliyevin (Səfər Laçınlı) qətlə yetirilməsinin yeni təfərrüatları məlum olub.

Mərhumun qayını Tələt Fərhadov Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, həm S.Quliyev, həm də hadisəni törətməkdə şübhəli bilinərək həbs olunan qardaşı Xasay Quliyev Birinci Qarabağ müharibəsinin veteranlarıdır.

“Səfərlə Xasay Birinci Qarabağ müharibəsində üç il bir yerdə döyüşüblər. Onlar təkcə qardaş yox, həm də yaxın dost olublar. Çox mehriban qardaşlar idi. Bu gün biz özümüz, yaxın qohumlar, Səfərlə Xasayı tanıyan hamı şokdadır”.

Hadisənin necə baş verdiyinə və səbəbinə gəlincə, T.Fərhadov bu suallara cavab tapmadıqlarını, hələlik heç nəyin məlum olmadığını söyləyib.

“Avqustun 12-də axşam saat 18 radələrində bacımdan mənə zəng gəldi ki, bəs Səfəri vurdular. Kim vurdu? Sözünün davamını deyə bilmədi, əlaqə kəsildi. Biz də qohumlara, tanıdığımız adamlara zəng vurduq. Eşitdik ki, Xasay müəllim Səfər müəllimi vurub. Xasay orta məktəb müəllimidir. Onlar çox yaxşı qardaş olublar”.

T. Fərhadov hadisə barədə həqiqətə uyğun olmayan məlumatların yayıldığını deyib:

“Guya Xasay Səfəri məhsula, bala görə öldürüb. Əslində elə bir şey ola bilməz. Çünki Səfər arıdan ildə 50 kilo bal götürürdüsə, onun 30 kilosunu pay verirdi. Bala görə o qardaşlar arasında mübahisə ola bilməz, bir-birlərinə əl qaldırmazlar. Bu mümkün olan iş deyil.

Bu gün oğlu, yoldaşı, digər doğmaları heç kim bilmir ki, hadisə nəyə görə olub, səbəb nədir. Hamı şokdadır”.

Qaynı bildirib ki, mərhum Səfər Quliyev daim camaat içində olan, məclislərdən qalmayan, ictimai baxımdan fəallıq göstərən adam idi:

“Səfər çox şəxsiyyətli müğənni, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Laçın rayon şöbəsinin sədri idi. 44 günlük Vətən müharibəsində yaşına görə döyüşməsə də, daimi əsgərlərin yanında idi, əlindən gələni edirdi. Xasay müəllim də həmçinin qeyrətli, namuslu oğlandır. İkisi də döyüşçü olub”.

T.Fərhadov hazırda istintaq getdiyini, bütün məsələlərin sonda aydınlaşacağına ümid bəslədiyini vurğulayıb.

Qeyd edək ki, qətl hadisəsi avqustun 12-də Laçın rayonunun Fingə kəndində baş verib. Səfər Quliyev həmin ərazidə qətlə yetirilib.

Mərhumun qardaşı Xasay Quliyev

hadisəni törətməkdə şübhəli bilinərək həbs olunub. Faktla bağlı Laçın Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.  

36


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki