Referans Media “SHOT” Teleqram kanalına istinadən xəbər verir ki, Novosibirskdə bir qız kontakt linzaları səhv, ehtiyatsız şəkildə taxdığı üçün görmə qabiliyyətini itirib.
Hər şey gənc qızın gecə kontakt linzalarını taxarkən təsadüfən buynuz qişasını zədələməsi ilə başlayıb. Növbəti günün səhəri qızın gözü tünd qırmızı rəngdə və iltihablı olub. O, həkimə müraciət edib və müalicə alsa da, səhhətində müsbətə doğru heç bir dəyişiklik olmayıb.
Geniş müayinədən sonra ona amöblərin yaratdığı yoluxucu keratit diaqnozu qoyulub. Müalicə zamanı xəstədə abses və buynuz qişanın xorası (korneal xora) yaranıb. Bir neçə əməliyyata baxmayaraq, qızın gözünü xilas etmək mümkün olmayıb.Sonda həkimlər bəbəyi çıxarmalı olublar.
Xəstəyə artıq göz protezi taxılıb. Lakin o, digər gözündə də ağırlaşmalar olduğunu bildirir. Salamat qalan göz də iltihablanıb və qızarıb. Bundan əlavə, mübarizə apardığı ciddi xəstəlik səbəbindən o, diabet xəstəliyinə də tutulub və müalicə almağa davam edir.//publika.az























