Maaşların artmasını gözləyənlərə ŞAD XƏBƏR: 500 manat olacaq

Minimum əmək haqqının artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə bu rəqəmin 500 manata çatdırılacağı iddiaları cəmiyyətdə maraq doğurur.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, minimum əmək haqqının 500 manata qaldırılması müəyyən iqtisadi şərtlər daxilində real görünə bilər.

Onun sözlərinə görə, xüsusilə son illərdə əmək haqlarının mərhələli artırılması siyasəti aparıldığını nəzərə alsaq, bu istiqamətdə addımların davam etməsi məntiqlidir. Dövlət büdcəsinin imkanları, neft gəlirləri və ümumi iqtisadi artım tempi bu qərarın nə qədər tez və hansı formada həyata keçiriləcəyini müəyyən edən əsas amillərdir.

İqtisadçı qeyd edib ki, minimum əmək haqqının artırılması ümumilikdə müsbət addımdır. Bu, aşağı gəlirli insanların alıcılıq qabiliyyətini artırır və sosial rifahı yaxşılaşdırır. İnsanların daha çox gəlir əldə etməsi daxili tələbi canlandırır ki, bu da iqtisadi aktivliyin artmasına səbəb olur. Kiçik bizneslər üçün isə bu, potensial olaraq daha çox müştəri deməkdir.

Akif Nəsirli əlavə edib ki, maaş artımının inflyasiyaya müəyyən təsiri də ola bilər. Əgər bazarda məhsul və xidmət təklifi eyni templə artmırsa, artan tələb qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər. Bundan başqa, bəzi işəgötürənlər artan əmək xərclərini kompensasiya etmək üçün qiymətləri qaldıra bilər. Lakin bu təsir adətən tam və birbaşa olmur, daha çox iqtisadi mühitdən və dövlətin nəzarət mexanizmlərindən asılıdır.

Ekspertin fikrincə, minimum əmək haqqının artırılması real gəlirləri ümumilikdə yaxşılaşdırır. Xüsusilə aşağı maaş alanlar üçün bu, birbaşa həyat səviyyəsinin yüksəlməsi deməkdir. Bununla yanaşı, bazarda müəyyən yan təsirlər də yarana bilər. Məsələn, bəzi iş yerlərində qeyri-rəsmi məşğulluğa keçid və ya xərclərin optimallaşdırılması cəhdləri mümkündür. Lakin düzgün tənzimləmə və paralel iqtisadi siyasət vasitəsilə bu riskləri minimuma endirmək olar.

Ümumilikdə, iqtisadçı hesab edir ki, minimum əmək haqqının artırılması sosial baxımdan müsbət və zəruri addımdır. Sadəcə, onun təsirlərinin balanslı olması üçün bu prosesin iqtisadi siyasətlə uyğun şəkildə həyata keçirilməsi vacibdir.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki