Macarıstan etiraf etdi: Hələ də Rusiya neftindən asılıyıq

Macarıstan Rusiyadan neft tədarükündən hələ də asılı vəziyyətdədir və ölkə iqtisadiyyatı üçün vacib olan şirkətlərin rəqabət qabiliyyətini riskə ata bilməz.

Referans MEDİA bildirir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, Rusiya neftindən imtina etmək qısa müddətdə mümkün deyil.

“Biz hələ də Rusiya neftindən asılıyıq və bunu bir gecədə dəyişə bilmərik. Uzun illərdir iqtisadi artımımız zəifdir və inkişaf üçün əlçatan qiymətə enerji resurslarına ehtiyacımız var”, – deyə o vurğulayıb.

Magyar bildirib ki, hökumət enerji mənbələrinin şaxələndirilməsi istiqamətində fəaliyyət göstərir, lakin bu proses ölkə iqtisadiyyatına və vətəndaşların rifahına mənfi təsir göstərməməlidir.

“Əlbəttə ki, enerji mənbələrimizi diversifikasiya etmək üçün əlimizdən gələni edirik. Lakin Macarıstan şirkətlərinin rəqabət qabiliyyətinin daha da zəifləməsinə və ailələrin genişmiqyaslı enerji yoxsulluğu ilə üzləşməsinə imkan verə bilmərik”, – deyə baş nazir əlavə edib.

Macarıstan Avropa İttifaqında Rusiyadan enerji idxalının tam dayandırılması ilə bağlı təkliflərə ehtiyatla yanaşan ölkələrdən biri kimi tanınır. Rəsmi Budapeşt enerji təhlükəsizliyinin və iqtisadi sabitliyin qorunmasının prioritet olduğunu vurğulayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki