Makron: ABŞ-ın Venesuelada tətbiq etdiyi “üsulu” dəstəkləmirəm

Fransa Prezidenti Emmanuel Makronun ABŞ-ın Venesuelada keçirdiyi və ölkə lideri Nikolas Maduro ilə həyat yoldaşı Siliya Floresin saxlanılması ilə nəticələnən hərbi əməliyyatda tətbiq olunan metodu dəstəkləmədiyi bildirilib.

Referans Media xəbər verir ki, Hökumət sözçüsü Mod Brejon jurnalistlərə açıqlamasında deyib ki, Makron Nazirlər Şurasının iclasında Venesuelada baş verən hadisələrlə bağlı mövqeyini ifadə edib. Onun sözlərinə görə, Fransa prezidenti ABŞ tərəfindən Venesuelada tətbiq edilən üsulu nə dəstəkləyir, nə də təsdiqləyir.

Bununla yanaşı, Brejon qeyd edib ki, Makron Nikolas Maduronun hakimiyyətdən getməsini Venesuela xalqı üçün müsbət hadisə kimi qiymətləndirib və bunu ölkə üçün yaxşı xəbər adlandırıb.

Makronun açıqlamaları müzakirələrə səbəb olub

Makronun ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən sonra X sosial şəbəkəsində paylaşdığı ilk açıqlamada əməliyyatın beynəlxalq hüquqa uyğunluğu məsələsinə toxunmaması Fransada, xüsusilə sol yönümlü siyasi dairələrdə narazılıqla qarşılanmışdı.

Fransa prezidenti yanvarın 3-də etdiyi paylaşımda Venesuela xalqının Nikolas Maduronun “diktaturasından” qurtulduğunu və bunun yalnız sevinclə qarşılanmalı olduğunu bildirmişdi.

Makron həmçinin Maduronun hakimiyyəti ələ keçirərək Venesuela xalqının əsas azadlıqlarını tapdaladığını və bununla da ölkə vətəndaşlarının ləyaqətinə ciddi zərbə vurduğunu qeyd etmişdi. O, müxalif siyasətçi Edmundo Qonsalesi Venesuelada keçid dövrünə rəhbərlik etməyə çağırmışdı.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki