Manatın kodu niyə “AZM” yox, “AZN”-dir? – İqtisadçı ilk dəfə açıqladı

  “Bu gün məndən soruşdular ki, manatın hərfi kodu niyə “AZM” deyil, “AZN”-dir. Məntiqlə sonda “M” olmalıdır axı. Məsələ burasındadır ki, 20 il əvvəl denominasiya olmuşdu və nəticədə 5000 köhnə manat 1 yeni manata bərabər oldu”.

Referans.az  xəbər verir ki, bu sözləri iqtisadçı Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, köhnə manatın kodu “AZM” olub deyə, məhz fərqləndirmək üçün yenisini “AZN adlandırıblar:

 “N” – “new”, yəni “yeni” deməkdir. 2005-ci ildə Mərkəzi Bankın ümumi qanunvericilik şöbəsinin rəisi olaraq denominasiya üzrə işçi qrupun üzvü idim. Yeni kod adı axtarırdıq. Mən “ARM” təklif etmişdim: Azərbaycan Respublikasının Manatı. Hamı da razılaşmışdı. Birdən sanki məni cərəyan vurdu və təklifimi geri götürdüm: ARM bədnam qonşumuzu yaman xatırladırdı. Yekunda AZN üzərində dayandıq.

Bu valyuta düz 9 il sabit və uğurlu oldu, 2015-ci ilin fevral devalvasiyasınadək. Yəni AZN ömrünün 10-cu ilində iflasa uğradı… 2017-ci ilin fevral ayından etibarən AZN yenə də sabitdir. Gələn il bunun da 9 ili tamam olacaq…”  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki