ABŞ-ın İranla bağlı hərbi əməliyyat keçirib-keçirməyəcəyi müzakirələri davam edərkən, İsrail Baş naziri Binyamin Netanyahu təhlükəsizlik kabinetini bu gün toplama qərarı verib.
Referans Media xəbər verir ki, Netanyahu təhlükəsizlik kabinetini 5 fevral, cümə axşamı günü toplamağı qərara alıb.
“The Times of Israel” qəzetinin xəbərində qeyd olunur ki, nazirlərin kabineti iclasından qısa müddət əvvəl məlumatlandırılması nadir hallardan biridir. Həmçinin nazirlərə toplantının gündəliyi barədə əvvəlcədən məlumat verilməyib.
Netanyahu 3 fevral, çərşənbə axşamı günü ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff ilə İranla artan gərginlik və Qəzzada atəşkəs prosesini müzakirə etmişdi. Bu görüşdə İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin demək olar ki, hamısı iştirak edib.
İsraildə yayımlanan Kanal 12 televiziyası bildirir ki, Netanyahu Witkoffdan İranlı rəsmilərlə görüşdə Tehran rejiminin yüksək səviyyədə zənginləşdirilmiş uranı başqa ölkəyə transfer etməməsini, nüvə proqramını dayandırmasını, ballistik raket istehsalını dayandırmasını və Yaxın Şərqdəki müttəfiq qüvvələrinə maliyyə və dəstək verməsini tələb etməsini istəyib.
Ağ Ev isə İranla danışıqların 6 fevral, cümə günü Omanın paytaxtı Maskatda keçiriləcəyini açıqlayıb.
Netanyahunun təhlükəsizlik kabinetini toplaması və ABŞ ilə İran mövzusundakı danışıqlar Yaxın Şərqdə gərginliyin artacağı ehtimalını gündəmə gətirib.
