Meksikanın cənubundakı Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.
Referans Media xəbər verir ki, 241 sərnişin və 9 heyət üzvünü daşıyan qatar Oaxaka ştatının Nizanda qəsəbəsi yaxınlığında yerləşən döngədə relsdən çıxıb. Qəza nəticəsində 13 nəfərin öldüyü, 98 nəfərin yaralandığı bildirilib. Yaralılar ətrafdakı səhiyyə müəssisələrinə təxliyə olunub.
Axtarış-xilasetmə əməliyyatlarına 360 xilasedici, 20 nəqliyyat vasitəsi, 4 yerüstü təcili tibbi yardım maşını, 3 hava ambulansı və bir pilotsuz uçuş aparatı cəlb edilib.
Semar-ın açıqlamasında qeyd olunub ki, qurum Meksika xalqının təhlükəsizliyi və rifahı naminə fəaliyyətini davam etdirir və hadisənin bütün təfərrüatlarının araşdırılması üçün səlahiyyətli qurumlarla koordinasiyalı şəkildə işləyir.
Meksika Prezidenti Klaudia Şeynbaum da sosial şəbəkə hesabında paylaşım edərək baş verən faciə ilə bağlı dərin kədərini ifadə edib. O, Hərbi Dəniz Qüvvələri naziri və Daxili İşlər Nazirliyinin İnsan Hüquqları üzrə müavinini hadisə yerinə göndərərək zərərçəkən ailələrlə yaxından maraqlanmaları barədə göstəriş verib.
Şeynbaum Oaxaka ştatının qubernatoruna və yerli komandalara göstərdikləri dəstəyə görə təşəkkür edib, hadisə ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının davam etdiriləcəyini bildirib.
