Dünyada ən çox istifadə edilən ağrıkəsicilərdən olan ibuprofen reseptsiz satıldığı üçün əksər insanlar tərəfindən tamamilə zərərsiz hesab olunur. Mütəxəssislər isə bu preparatın nəzarətsiz qəbulunun ölümcül təhlükələr yaratdığı barədə ciddi xəbərdarlıq edirlər.
Referans Media xəbər verir ki, oynaqlardakı ağrılar, miqren və ya artrit zamanı tez-tez müraciət olunan bu dərman daxili qanaxmadan tutmuş böyrək çatışmazlığına qədər ağır fəsadlara yol aça bilər. İltihabı və şişkinliyi sürətlə azaldaraq müvəqqəti rahatlıq yaradan bu preparatın asanlıqla əldə edilməsi onun təhlükəsiz olması demək deyil. Ekspertlər reseptsiz satılan hər bir dərmanın risk daşıdığını bildirirlər.
İbuprofenin ən böyük zərərlərindən biri mədənin qoruyucu təbəqəsini birbaşa zədələməsidir. Bu ağrıkəsicinin davamlı və uzunmüddətli qəbulu mədə xorası və daxili qanaxma ehtimalını maksimum dərəcəyə çatdırır. Ən qorxulu məqam isə bu prosesin heç bir əlamət göstərmədən, gizli şəkildə irəliləməsidir. Bəzi xəstələrdə ilkin dövrlərdə mədə ağrısı və ya həzm pozğunluğu yaransa da, bir çox insan ciddi daxili qanaxma baş verənə qədər heç bir simptom hiss etmir. Gündəlik dozası 2400 milliqramdan çox olan, dərmanı həftələrlə qəbul edən şəxslər və 65 yaşdan yuxarı yaşlılar üçün bu risk daha ölümcüldür.
Preparatın digər gizli təhlükəsi böyrəklərin fəaliyyətinə mənfi təsir göstərməsidir. Böyrəklərin sağlam işləməsi normal qan dövranından asılıdır. İbuprofen isə böyrək damarlarını açıq tutan təbii birləşmələri birbaşa bloklayır və qan axınını pozur. Bu vəziyyət xüsusilə xroniki böyrək, ürək xəstəlikləri və ya yüksək qan təzyiqi olan şəxslərdə qəfil böyrək çatışmazlığına zəmin yaradır.
Uzunmüddətli istifadə yüksək qan təzyiqinə, bədəndə həddindən artıq maye toplanmasına və ciddi ürək fəsadlarına da səbəb ola bilər. Həmçinin bəzi astma xəstələri bu qrup dərmanlara qarşı həddindən artıq həssasdırlar. Onlarda preparatın qəbulundan dərhal sonra tənəffüs yollarında qəfil boğulma və xırıltı müşahidə edilə bilər.
İbuprofenin digər təyinatsız dərmanlarla eyni vaxtda qəbulu da riskləri dəfələrlə artırır. Təzyiq tənzimləyicilər, qan durulducular, antidepressantlar və ya bəzi diabet dərmanları ilə birlikdə istifadə həm həmin preparatların təsirini itirir, həm də daxili qanaxma kimi təhlükəli ağırlaşmalara yol açır.
Bununla belə, dərmandan tamamilə imtina etmək tələb olunmur. Ağrıkəsicini mümkün qədər ən aşağı dozada və yalnız bir neçə günlük qısامüddətli müalicələr üçün istifadə etdikdə yüksək effekt əldə etmək mümkündür./Demokrat.az
