Türk televiziya tarixində iz buraxmış layihələrdəki rolları ilə yadda qalan məşhur aktyor Ali Sürmeli yeni serial layihəsi ilə gündəmə gəlib.
Referans Media türk mediasına istinadən xəbər verir ki, Sürmeli hazırda tamaşaçıların maraqla izlədiyi “Eşref Rüya” serialının aktyor heyətinə qoşulub.
Serialda baş rolları Çağatay Ulusoy və Demet Özdemir paylaşır. Layihədə son günlər həm ssenari xəttində dəyişikliklər, həm də aktyor heyətində yenilənmə diqqət çəkir.
Süjetə əsasən, serialın önəmli obrazlarından olan Ölü Yaşarın hekayəsinin tamamlanmasından sonra yaranan boşluq artıq doldurulur. Bu rolu türk kino və serial sənayesinin tanınmış simalarından biri olan Ali Sürmeli üzərinə götürür.
Aktyor serialda Celo Ağa obrazını canlandıracaq. Bildirilir ki, o, mövsümün sonuna qədər ekranlarda görünəcək və süjet xəttinə yeni dinamika qatacaq.
Qeyd edək ki, Ali Sürmeli daha əvvəl “Kurtlar Vadisi” və “Eşkıya Dünyaya Hükümdar Olmaz” kimi reytinq rekordları qıran layihələrdəki performansı ilə böyük tamaşaçı sevgisi qazanıb. Onun “Eşref Rüya”ya qatılması serialın izlənmə göstəricilərinə də müsbət təsir edə biləcəyi gözlənilir.
























