Məşhur aktyorla bağlı ÜZÜCÜ XƏBƏR – Vəziyyəti ağırdır

Türkiyənin məşhur aktyoru Ufuk Özkan bir müddətdir ciddi sağlamlıq problemləri ilə mübarizə aparır. 2023-cü ildə siroz diaqnozu qoyulan 50 yaşlı aktyor 12 yanvarda xəstəxanaya yerləşdirilib və təcili qaraciyər transplantına ehtiyacı var. Bu səbəbdən Demet Evgar, Tuba Büyüküstün və Melek Baykal kimi tanınmış şəxslər sosial mediada donor çağırışı etmişdilər.

Referans Media xəbər verir ki, son günlər sosial mediada yayılan “donor tapıldı” xəbərlərinə cavab olaraq, Özkanın qardaşı Umut Özkan açıqlama verib. O bildirib ki, hələlik uyğun donor tapılmayıb:

Ufuk Özkan qardaşı bildirib: “Mənim edəcəyim rəsmi açıqlamalar xaricindəki xəbərlərə inanmayın. Hazırda donor yoxdur. Həqiqətlərə uyğun olmayan bu məlumatlar həm cəmiyyəti yanlış yönləndirir, həm də tibbi və hüquqi prosesi çətinləşdirir. Bu səbəbdən yalnız rəsmi açıqlamaları izləyin.”

Umut Özkan həmçinin, qardaşının influenza infeksiyası keçirdiyini və bunun qaraciyər çatışmazlığını ağırlaşdıra biləcəyini qeyd edib.

Aktyorun yaxın dostları da Instagram hesabında onu dəstəkləyən duyğusal paylaşımlar edib. Onlar gənclik illərinə aid fotoları paylaşaraq belə yazıblar: “Gözəl günlərimizi xatırla, dostum. O günlər kimi yenidən aramızda olacaqsan. Yaxşı olacaqsan, çox az qalıb.”

Ufuk Özkanın müalicəsi davam edir və uyğun donor tapılana qədər tibbi proses ciddi nəzarət altında davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki