"Fənərbaxça"nın sabiq futbolçusu Con Duran Kolumbiya Milli Komandasındakı davranışı ilə gündəmə gəlib. Gənc hücumçunun milli komanda düşərgəsinə qoşulmaması və məşqlərdə iştirak etməməsi ciddi narazılıq yaradıb.
Referans Media xəbər verir ki, 2026 Dünya Kuboku üçün geniş heyətdə yer alan Duranın komanda hazırlıqlarına qatılmadığı və bunun baş məşqçi Nestor Lorenzoda narahatlıq yaratdığı bildirilir.
Daha sonra futbolçunun milli komanda düşərgəsi əvəzinə keçmiş klubu Envigadonun 2-ci liqa matçını stadiondan izlədiyi ortaya çıxıb. Onun Polideportivo Sur stadionunda görüntülənməsi ölkə mətbuatında geniş rezonans doğurub.
Kolumbiya mediasında yayılan xəbərlərə əsasən, Duranın bu davranışı səbəbindən Dünya Kuboku üçün açıqlanacaq 26 nəfərlik əsas heyətə düşmə ehtimalı ciddi şəkildə azalıb.
Mövsümün əvvəlində "Fənərbaxça" tərəfindən "Əl Nəsr"dən icarəyə götürülən futbolçu gözlənilən performansı göstərə bilməmiş, daha sonra "Zenit" klubuna keçmişdi. Lakin Rusiya klubunda da istənilən səviyyəyə çata bilmədiyi və mövsümün sonunda geri qaytarılacağı bildirilib.
22 yaşlı hücumçu Kolumbiya millisində indiyə qədər 17 oyunda meydana çıxıb və 3 qol vurub.
