Yunanıstanın Zakintos adası ərazisində yerləşən və hər il minlərlə turistin üz tutduğu məşhur Navagio çimərliyi təhlükəsizlik səbəbilə müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanıb.
Referans Media xəbər verir ki, Zakintos Bələdiyyəsi və Yunanıstanın turizm qurumlarının qərarına əsasən, çimərliyə giriş 31 oktyabr tarixinədək qadağan edilib.
Yeni qaydalara görə, ziyarətçilərin çimərliyə enməsinə icazə verilməyəcək. Turistlər bölgənin simvoluna çevrilən məşhur gəmi qalıqlarını və firuzəyi körfəzi yalnız xüsusi müşahidə platformalarından izləyə biləcəklər.
Ağ qumlu sahili, şəffaf dənizi və sahildə yerləşən gəmi qalıqları ilə tanınan Navagio çimərliyi dünyanın ən çox fotoşəkil çəkilən turizm məkanlarından biri hesab olunur.
Məlumata görə, ötən həftə ABŞ vətəndaşı olan bir turist qayalıqlarda baş verən sürüşmə nəticəsində uçurumdan yıxılaraq ağır xəsarət alıb. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və çimərliyin bağlanmasına qərar verilib.
Mütəxəssislər Navagio körfəzini əhatə edən yüksək qayalıqlarda vaxtaşırı daş və qaya parçalarının qoparaq düşdüyünü bildirirlər. Rəsmilər risk tam aradan qalxana qədər məhdudiyyətlərin qüvvədə qalacağını açıqlayıblar.
