Rusiyanın paytaxtı Moskvada yüksək rütbəli hərbçinin ölümü ilə nəticələnən partlayış ölkədə böyük rezonans doğurub. Rusiya Müdafiə Nazirliyində xidmət edən 57 yaşlı general-leytenant Davydov avtomobilinə yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində həlak olub.
Referans Media xəbər verir ki, partlayış hərəkətdə olan avtomobildə baş verib. Hadisə Moskvanın Balaşixa rayonunda qeydə alınıb. İlkin məlumatlara görə, generalın idarə etdiyi BMW X3 markalı avtomobil hərəkətdə olarkən güclü partlayış baş verib.
Müstəntiqlərin ilkin versiyasına əsasən, avtomobilin yük yerinə təxminən 500 qram TNT ekvivalentində partlayıcı qurğu yerləşdirilib. Qurğunun uzaqdan idarəetmə və ya zaman mexanizmi vasitəsilə işə salındığı ehtimal edilir.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra avtomobil alovlanıb və idarəetmədən çıxaraq yol kənarındakı başqa nəqliyyat vasitəsinə çırpılıb.
İstintaqın diqqət mərkəzində oğlunun paylaşımı var. Araşdırma zamanı diqqət çəkən bir detal ortaya çıxıb. İddialara görə, generalın hərbi məktəbdə təhsil alan oğlu Rafael sosial şəbəkədə paylaşdığı fotoda atasının avtomobilinin dövlət nömrə nişanını açıq şəkildə göstərib.
Rusiya təhlükəsizlik orqanları ehtimal edir ki, hücumçular həmin məlumatdan istifadə edərək avtomobili şəhərin müşahidə və izləmə sistemləri vasitəsilə müəyyənləşdiriblər. Partlayışdan qısa müddət sonra Moskvanın başqa bir hissəsində şübhəli avtomobildə ikinci partlayıcı qurğu aşkar edilib.
Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alaraq qurğunu nəzarətli şəkildə zərərsizləşdiriblər. Hadisəyə görə hələlik heç bir təşkilat və ya qrup məsuliyyəti üzərinə götürməyib. Həmçinin Ukrayna rəsmiləri tərəfindən də məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Bu, son dövrlərdə Rusiyada yüksək rütbəli hərbçilərə qarşı baş verən ilk hücum deyil. Məlumatlara görə, ötən il də Yaroslav Moskalik oxşar avtomobil partlayışı nəticəsində həyatını itirmişdi.
Hadisədən sonra Kremlin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, həmçinin Vladimir Putinin ölkə üzrə müşahidə kameralarının görüntülərinin yenidən araşdırılması barədə göstəriş verdiyi iddia olunur.
