İspaniya mətbuatında yayılan iddialara görə, Jose Mourinho yenidən Real Madridin baş məşqçisi olacağı təqdirdə, texniki heyətinə sürpriz bir adı da daxil edə bilər.
Referans Media xəbər verir ki, bir vaxtlar həm "Real Madrid"in, həm də "Beşiktaş"ın formasını geyinmiş əfsanəvi müdafiəçi Pepe Mourinyonun köməkçisi kimi Madrid klubuna qayıda bilər.
İddialara görə, futbolçu karyerasını başa vuran Pepe məşqçilik fəaliyyətinə məhz "Real Madrid"də başlamağa hazırlaşır və Mourinyonun ən yaxın köməkçilərindən biri olacaq.
Pepe 2007–2017-ci illərdə "Real Madrid" forması ilə çıxış edib və klubun ən uğurlu müdafiəçilərindən biri kimi tarixə düşüb. O, daha sonra "Beşiktaş"a transfer olunaraq İstanbul təmsilçisində 52 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliyalı futbolçu "Beşiktaş"dan ayrıldıqdan sonra karyerasını "Porto"da davam etdirib və peşəkar futbolçu karyerasını da burada başa vurub.
Qeyd edək ki, həm Mourinyonun "Real Madrid"ə qayıdışı, həm də Pepenin texniki heyətə qoşulacağı barədə məlumatlar hələlik mətbuat iddiaları səviyyəsindədir və klub tərəfindən rəsmi təsdiqlənməyib.
