Müəllimlər vahid formaya keçməlidir? – AÇIQLAMA

  “Müəllimlər üçün vahid formanın məcburi tətbiqi məqsədəuyğun deyil”.

Referans xəbər verir ki,bu fikirləri Redaktor.az-a müəllimlərin vahid formasından bəhs edən təhsil eksperti Rasim Həsənzadə bildirdi. Onun sözlərinə görə, müəllim peşəkar bir şəxsdir və geyim seçimi baxımından yetkinliklə davranmaq haqqına sahibdir:

“Bununla yanaşı məktəb rəsmi bir mühitdir və müəllim burada şagirdlərə həm biliyi, həm də davranışları ilə nümunə olmalıdır. Bu baxımdan, tam vahid forma tətbiqi yerinə, səliqəli, təmiz və peşəkar görünüşü təmin edən minimum geyim standartlarının müəyyən olunması daha məqsədəuyğundur. Məsələn, Türkiyədə 2013-cü ildən sonra müəllimlər üçün forma məcburiyyəti aradan qaldırılıb, lakin Milli Təhsil Nazirliyi müəllimlərə “Peşə etikası və təşkilati mədəniyyət” çərçivəsində səliqəli və peşəkar geyinməyi tövsiyə edir. İngiltərə və ABŞ kimi ölkələrdə də müəllimlər vahid formaya tabe deyillər, amma əksər məktəblərin öz daxili “dress code” qaydaları mövcuddur. Bu nümunələr göstərir ki, əsas məsələ formanın özündən çox, geyimdə estetik, peşəkar və mühitə uyğunluq prinsiplərini qorumaqdır. Ölkəmizdə də bu məsələyə hüquqi yanaşma mövcuddur. “Təhsilverənlərin etik davranış Qaydaları”-da açıq şəkildə qeyd olunur ki, təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır.

Deməli, müəllimin geyimi yalnız şəxsi seçim məsələsi deyil, eyni zamanda peşə etikası və məktəb mədəniyyəti baxımından da bir öhdəlik kimi qəbul edilir. Düşünürəm ki, müəllimlərin geyimində əsas məqsəd vahid forma deyil, məktəb mədəniyyətini gücləndirən və şagirdlərdə estetik duyğuların formalaşmasına töhfə verən səliqə və peşəkarlıqdır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki