Muğlanın Ortaca rayonunda otelin qarşısında baş verən silahlı insident iki qadının ölümü ilə nəticələnib.
Referans Media xəbər verir ki, hadisə Terzialilər məhəlləsi, Başoğlu küçəsində yerləşən otelin önündə qeydə alınıb. İddialara görə, Ecevit C. adlı şəxs borc məsələsi səbəbilə Serap Yılmaz və Hatice Yeysikan ilə mübahisə edib. Mübahisə qısa zamanda böyüyərək silahlı qarşıdurmaya çevrilib.
Ecevit C. üzərindəki tapança ilə iki qadına atəş açıb. Serap Yılmaz hadisə yerində həyatını itirib, ağır yaralanan Hatice Yeysikan isə xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq xilas edilə bilməyib.
Hadisədən sonra qaçan şübhəli polis tərəfindən təqib edilib. Qısa müddət sonra sıxışdırıldığını anlayan Ecevit C. eyni silahla özünü vuraraq intihara cəhd edib. O, ağır yaralı halda xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
Polis hadisə ilə bağlı geniş istintaq aparır.























