Pakistan–Taliban gərginliyi pik həddə çatıb.
Referans Media xəbər verir ki, Pakistanın Kabil və Qəndəhar şəhərlərinə endirdiyi hava zərbələri bölgədə gərginliyi daha da artırıb. Rəsmi İslamabad “açıq müharibə” ifadəsini işlədərkən, regionun iki mühüm dövləti – Rusiya və İran diplomatik çağırışlarla çıxış edib.
İslamabad rəhbərliyi Taliban hökuməti ilə “açıq müharibə” vəziyyətində olduqlarını bəyan edərək Kabil və Qəndəharda hava əməliyyatları keçirdiyini açıqlayıb. Əfqan tərəfi isə sərhəd xəttində Pakistana məxsus 15 mövqenin ələ keçirildiyini və toqquşmalarda hər iki tərəfdən onlarla hərbçinin öldüyünü iddia edib. Pakistan isə Talibanı sərhəddə təxribatda günahlandıraraq əməliyyatların cavab xarakterli olduğunu bildirib.
Tehran rəhbərliyi vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. İranın xarici işlər naziri Abbas Əraqçi iki ölkə arasında dialoqun qurulması üçün vasitəçilik etməyə hazır olduqlarını açıqlayıb. Onun sözlərinə görə, İran İslam Respublikası qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi üçün bütün zəruri dəstəyi verməyə hazırdır.
Moskva da qarşıdurmanın genişlənməsinə qarşı sərt mövqe sərgiləyib. Rusiya tərəfləri dərhal hücumları dayandırmağa çağırıb və tələb olunacağı təqdirdə vasitəçilik rolunu nəzərdən keçirə biləcəyini bəyan edib.
Hazırda Pakistan–Əfqanıstan xəttində vəziyyət gərgin olaraq qalır. Regionda yeni genişmiqyaslı münaqişə ehtimalı beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat edir.
